SİYASƏT


Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı “Agoravox” portalına eksklüziv müsahibə verib  YENİLƏNİB

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı “Agoravox” portalına eksklüziv müsahibə verib  YENİLƏNİB

Paris, 4 avqust, AZƏRTAC

Fransız tarixçi və jurnalist Alən Rumestanın Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovdan aldığı və yerli “Agoravox.fr” saytında dərc olunmuş geniş məxsusi müsahibənin əvvəlində jurnalist bildirir ki, Ermənistan və Azərbaycan arasında növbəti böhran təhlükəli mərhələyə qədəm qoyub. Fransız oxucular isə daha çox erməni tərəfinin münaqişə ilə bağlı mövqeyini KİV-lərdən ətraflı şəkildə öyrənirlər. Ona görə də vacibdir ki, Azərbaycan tərəfinin də münaqişənin səbəbləri haqqında mövqeyi obyektiv şəkildə fransız oxuculara çatdırılsın. Biz qərara gəldik ki, obyektivlik naminə Azərbaycanının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyova müsahibə üçün müraciət edək.

AZƏRTAC xəbər verir ki, fransız jurnalist son vaxtlar Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş silahlı toqquşmanın səbəbləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı suallar ünvanlayıb.

Ermənistanın törətdiyi təxribat barəsində ətraflı məlumat verən E.Əmirbəyov bildirib ki, iyulun 12-də ermənilər atəşkəs rejimini kobud şəkildə pozaraq Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutublar. Nəticədə biri general olmaqla 11 hərbçimiz və 1 mülki şəxs şəhid olub. Ancaq erməni qoşunlarının hücumu silahlı qüvvələrimizin cavab atəşi və əks-hücum tədbirləri ilə dəf edilib.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycanın Tovuz rayonu istiqamətində silahlı təxribat törədən Ermənistanın məqsədi yeni mövqelər ələ keçirmək, işğal zonasını genişləndirmək və yerli sakinləri öz doğma yurd-yuvalarından didərgin salmaq olub. Digər tərəfdən, məqsədli şəkildə hərbi təxribata əl atmaqla Ermənistan hakimiyyəti ölkəni bürüyən və COVID-19 pandemiyası ilə daha da ağırlaşan iqtisadi və sosial böhrandan xalqın diqqətini yayındırmağa çalışıb. Ermənistan rəhbərləri Ermənistan-Azərbaycan münaqişəsinə regionun digər ölkələrini və Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etməyə çalışsalar da, buna nail ola bilmədilər.

“Otuz ildir Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan bu cinayət əməlləri ilə işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bir daha göstərir. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və sərhəddəki təxribatlarını sərt şəkildə pisləməyə çağırırıq. Sərhəddə vəziyyətin gərginləşməsinə səbəb olan belə təxribatların məsuliyyəti tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür. Aydın məsələdir ki, Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasət nəyin bahasına olursa-olsun sülh danışıqlarına mane olmaq və Azərbaycan ərazilərini azad etmək öhdəliyindən yayınmaqdır”, - deyə E.Əmirbəyov diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran Birinci vitse-prezidentin köməkçisi bildirib ki, tarix Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğunu göstərir. Qarabağ tarixboyu Azərbaycanın tərkibində olub. XVIII əsrdə Azərbaycan ərazisində müxtəlif xanlıqlar və sultanlıqlar yaranıb. Sonra 1813-cü ildə imzalanan Gülüstan və 1828-ci ildə bağlanan Türkmənçay müqavilələrinin şərtlərinə əsasən, Azərbaycan torpaqları iki hissəyə bölünüb. Şimali Azərbaycanın işğalından sonra çar rejimi əldə etdiyi bu torpaqlarda ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirib. Türkmənçay müqaviləsinin 15-ci maddəsi ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan ərazilərinə köçürülməsini əks etdirirdi. Beləliklə, 1828-1911-ci illər arasında ermənilərin İrəvan və Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinə köçürülməsi prosesi davam etdirilib. Bu müddət ərzində bir milyondan çox erməni tarixi torpaqlarımıza yerləşdirilib. 1914-cü və 1916-cı illərdə Dağlıq Qarabağ bölgəsinə daha 350 min erməni köçürülüb. 1905-1907-ci illərdə isə ermənilər azərbaycanlı yerli əhaliyə qarşı qanlı qətliamlar törədiblər. Azərbaycan əhalisi kütləvi şəkildə qətlə yetirilib, şəhərlərimiz, kəndlərimiz, mədəniyyət mərkəzlərimiz, tarixi abidlərimiz erməni vandalizminin qurbanı olub. Rusiyada 1917-ci ilin fevral çevrilişindən sonra əks-inqilabla mübarizə bəhanəsi adı altında minlərlə azərbaycanlı qətlə yetirilib.

Elçin Əmirbəyov diqqətə çatdırıb ki, 1918-ci il mayın 28-də ilk dəfə müstəqilliyini elan edən Azərbaycan 100 illik əsarətdən sonra müstəqilliyini bərpa edib. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dünyanın müxtəlif dövlətləri ilə diplomatik münasibətlər qurub, 16 dövlət Bakıda diplomatik missiyalar açıb. 1919-cu ilin aprelində Azərbaycan hökuməti Qarabağda müvəqqəti general qubernatorluq təsis edib. Müttəfiqlər isə həmin general qubernatorluğu Azərbaycanın yurisdiksiyasında tanıyıblar. Həmin ilin avqustunda Dağlıq Qarabağın erməni milli assambleyası rəsmi surətdə Azərbaycan hakimiyyətini qəbul edib. Ona görə də erməni tərəfinin iddia etdiyi kimi, o dövrdə Dağlıq Qarabağın nə hüquqi, nə də siyasi müstəqilliyi olub. Bu, tamamilə yalandır. Müasir dövrün Qarabağ hadisələri isə yenə də ermənilər tərəfindən 1987-ci ilin sonlarında Xankəndidə azərbaycanlılara qarşı törədilmiş təcavüzlə başlayıb. Eyni zamanda, Ermənistandan azərbaycanlılar kütləvi şəkildə qovularaq zorla qaçqınlıq həyatına məhkum ediliblər. Son olaraq isə 250 min azərbaycanlı öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb. Ermənistan isə Dağlıq Qarabağı özünə ilhaq etmək iddiasını ortalığa atıb. 1988-ci ilin fevral ayının 20-də Dağlıq Qarabağın erməni icmasının nümayəndələri birtərəfli qətnamə qəbul ediblər. Orada Qarabağın Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşməsi məsələsi öz əksini tapmışdı. Sonra bu münaqişə hərbi müstəviyə daxil oldu. Bu isə 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərinə təsadüf etdi.

SSRİ-nin dağılmasından sonra münaqişənin daha da alovlandığını bildirən E.Əmirbəyov qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi tarixində ən qanlı hadisələrdən birini 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törətdi. Bu, misilsiz kütləvi qətliam idi. Şəhər tamamilə məhv edilmişdi. Bu münaqişə Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan tərəfindən işğal olundu, 750 min azərbaycanlı məcburi köçkünə çevrildi, 250 min azərbaycanlı isə Ermənistandan qovuldu. Hazırda Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var.

Ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimi münasibətilə bağlı fikirlərini bölüşən Elçin Əmirbəyov diqqətə çatdırıb ki, erməni silahlı qüvvələri işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparıb və kütləvi qırğın törədib. Bu bəşəri cinayətləri törədən Ermənistan Dağlıq Qarabağda marionet rejim yaradıb. Ermənistan 30 ildir ki, bütün beynəlxalq qanunları pozur. Heç bir hüquq tanımayan bu dövlət Dağlıq Qarabağın azərbaycanlı əhalisinin elementar humanitar hüquqlarını belə kobudcasına tapdalayıb. Dağlıq Qarabağ regionunda Azərbaycan icmasının 50 min üzvü doğma yurdundan didərgindir. Onlar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Bu vəziyyət Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fundamental hüquqlarının da Ermənistan tərəfindən ədalətsiz bir formada pozulmasının təzahürüdür. Azərbaycan münaqişənin sülh yolu ilə, BMT nizamnaməsi, eləcə də onun Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasını tələb edir. İndiyədək Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişənin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tələb edən müxtəlif qətnamələr və qərarlar qəbul olunub. Həmin sənədlərin hər birində məhz bizim haqlı mövqeyimiz ifadə edilib. Ermənistan da daxil olmaqla dünyada heç bir ölkə Dağlıq Qarabağda yaradılmış oyuncaq rejimi müstəqil subyekt kimi tanımır. Bu, reallıqdır. Beynəlxalq aləm münaqişənin dinc yolla, ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həllinin tərəfdarıdır.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Bu münaqişənin həlli ilə əlaqədar onun da mövqeyi beynəlxalq birliyin ümumi mövqeyi ilə üst-üstə düşür. Ona görə də Ermənistan bu məsələdəki reallığı anlamalı, tarixi həqiqəti qəbul etməli və Azərbaycan torpaqlarının qanunsuz işğalından əl çəkməlidir”, - deyə o bildirib.

Fransalı jurnalist keçmişdə azərbaycanlılarla ermənilərin birgə yaşadıqlarını xatırladıb və indi onlar arasındakı düşmənçiliyin səbəbləri ilə maraqlanıb.

Öz növbəsində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi bildirib ki, düşmənçiliyin səbəbi Ermənistanın torpaqlarımızı zorla ilhaq etmək siyasətidir. “Bu gün Azərbaycanda təxminən 30 min erməni yaşayır. Ermənistanda bir nəfər azərbaycanlı varmı? Əlbəttə ki, yox! Axı, münaqişə başlamamışdan əvvəl azərbaycanlılar orada, doğma dədə-baba torpaqlarında yaşayırdılar. Qeyd etdiyim kimi, münaqişə hələ tam fəal mərhələyə keçməmişdən əvvəl soydaşlarımız kütləvi şəkildə öz tarixi yurdlarını tərk etməyə məcbur ediliblər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Respublikamızda bütün millətlərin, etnik qrupların, dinlərin təmsilçiləri azad, demokratik, tam bərabərhüquqlu mühitdə yaşayıb-yaradırlar. Dövlətimiz erməni əsilli vətəndaşlarına da eyni münasibəti, dinc şəraitdə birgə yaşayışın tamamilə mümkünlüyünü dəfələrlə bəyan edib. Ermənistan hakim dairələri isə məsələyə əsl irqçi mövqedən yanaşır, azərbaycanlıların və ermənilərin genetik nöqteyi-nəzərdən birgə yaşamasının qeyri-mümkün olduğunu açıqlayır. Azərbaycan ilə Ermənistanın fərqi də məhz bundadır”, - deyə E.Əmirbəyov vurğulayıb.

Azərbaycanın Minsk qrupundan gözləntiləri barədə danışan Elçin Əmirbəyov bildirib ki, ölkəmizin ərazisinin məhz Ermənistan tərəfindən işğalı faktdır. Bununla əlaqədar BMT-nin 4 qətnaməsi var. Bu qətnamələrdə işğala dərhal son qoyulması tələb olunur. Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda vurğulanıb ki, işğal olunmuş Dağlıq Qarabağa və ətraf rayonlara məhz Ermənistan nəzarət edir. Avropa Parlamenti də müxtəlif vaxtlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qərar və qətnamələr qəbul edib.

Minsk qrupuna gəlincə, bu təşkilat 28 ildə bu status-kvonun dəyişdirilməsinə nail ola bilməyib. Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması yolverilməz və qəbuledilməzdir. Ermənistan hər vəchlə çalışır ki, işğal etdiyi torpaqlarımızda təhlükəli status-kvonun saxlanılmasına və ərazinin ilhaqına nail olsun. Münaqişənin Ermənistanın bu təcavüzkar mövqeyi səbəbindən həll olunmaması müharibə riskini artırır. Ona görə Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupu üzərinə düşən missiyanı həyata keçirməli və BMT-nin qətnamələrinin dərhal icra edilməsinə nail olmalıdır. Eləcə də Ermənistan hakim dairələrini sülh prosesinə dair öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Bütün hallarda bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir.

Bakıda Azərbaycan xalqının erməni işğalına son qoyulmasını tələb edən aksiyası və bununla bağlı dövlətimizin mövqeyi barədə suala cavabında E.Əmirbəyov deyib ki, xalqımızın səbri artıq tükənib. Azərbaycan xalqı bu işğalın dərhal sona çatdırılmasını, beynəlxalq hüququn bərqərar olmasını tələb edir.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdən didərgin salınmış soydaşlarımızın doğma torpaqlarında yaşamaq hüququnun pozulması davam edə bilməz. 2018-ci ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan konstruktiv danışıqlardan yayınır. Son qanlı olaylar da Ermənistan rəhbərliyinin əsl simasını bir daha ortaya qoydu. Bu, qəbuledilməz və məsuliyyətsiz təxribat idi.

“Nə qədər günahsız qurbanlar olmalıdır ki, Ermənistan hakimiyyəti hüquqa və ədalətə hörmət etməyin vacibliyini anlasın və buna əməl etsin. Təkrar edirəm, Ermənistan hakimiyyətinin bu kimi hərəkətləri müharibə təhlükəsini artırır. Çünki Azərbaycanın səbri tükənmək üzrədir. BMT Nizamnaməsi də qanunsuz işğala qarşı özümüzü müdafiə etmək, həmçinin ərazilərimizi azad etmək üçün tədbir görmək hüququmuzu tanıyır. Ona görə də Ermənistan, nəhayət anlamalıdır ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Mövcud vəziyyəti nəzərə alsaq, səbrimizi sınamamaq Ermənistan üçün daha yaxşı qərar olardı”, - deyə E. Əmirbəyov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.