REGİONLAR
“AgroX” innovasiya proqramı üzrə ilk turun nəticələri açıqlanıb
Bakı, 25 iyun, AZƏRTAC
May ayından start götürmüş “AgroX” innovasiya proqramı üzrə ilkin seçim turu başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 17-nə qədər davam etmiş qeydiyyat prosesinə 52 layihə təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən 12 layihə texniki-iqtisadi baxımdan məqbul sayılaraq növbəti mərhələyə buraxılıb. Münsiflər heyəti “Startap Azərbaycan”, “İNNOLAND” Akselerasiya Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşlarından təşkil olunub.
“AgroX” innovasiya proqramına təqdim olunmuş layihələr arasında ikimərhələli seçim həyata keçirilib. Hər bir iştirakçının münsiflər qarşısında qısa təqdimatı dinlənilib və bunun əsasında qiymətləndirmə aparılıb. Seçilmiş layihələrdə ideyanın cəlbediciliyi, davamlılığı və gəlirli olması, komandanın peşəkarlığı əsas meyar kimi götürülüb.
İkinci mərhələdə iştirak üçün seçilmiş layihələri təkmilləşdirmək məqsədilə təlimlər təşkil olunacaq, mentor dəstəyi ilə startapçılar layihələrini inkişaf etdirəcəklər. Yekunda startapçılar layihələrinin ilkin nümunələrinin təqdimatını həyata keçirəcəklər.
“AgroX” Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi və “İNNOLAND” Akselerasiya Mərkəzinin dəstəyi ilə “Startap Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilir. Müsabiqənin mükafat fondu 12 min manat müəyyən olunub. Birinci yerin qalibinə 6 min manat, ikinci yerin sahibinə 4 min manat, üçüncü yer tutan startapçıya isə 2 min manat mükafat veriləcək.
Proqramın əsas məqsədi innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə, qərarların daha effektiv və çevik formada qəbul edilməsinə dəstək göstərməkdir. Bu məqsədin reallaşması üçün aqrar sahə üzrə seçilmiş biznes ideyaların reallaşması, innovasiyaların təşviqi və tətbiqinə, eləcə də aqrar startapların inkişafına köməklik göstəriləcək.