CƏMİYYƏT
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 14 iyun, AZƏRTAC
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və Şuranın üzvləri 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb, xatirəsi anılıb.
Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzülüb.
Fəttah Heydərov jurnalistlərə müsahibəsində bildirib ki, Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.