REGİONLAR
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun uzunluğu 9,3 kilometr təşkil edir. Layihəyə əsasən, 132 poqonmetr olan 500 millimetrlik və 42 poqonmetr uzunluğa malik 1000 millimetr diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, 6500 poqonmetr küvet hissələr açılıb. Bundan başqa, yolboyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 380 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Yerli əhəmiyyətli Ağstafa -Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.
Qeyd edək ki, bundan öncə Ağstafa rayonu ərazisindəki Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunda yenidənqurma işləri aparılıb. Yolda həyata keçirilən tikinti işləri 4 mindən çox əhalinin gediş-gəlişini rahatlaşdırıb.