CƏMİYYƏT
Ağstafa rayon sakinindən narkotik vasitə götürülüb VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, S.Namazovun bacısına məxsus yarımtikiliyə baxış zamanı oradan ümumi çəkisi 6 kiloqram 205 qram olan heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstanda yaşayan Mahir adlı şəxsin onunla telefon əlaqəsi saxlayaraq 6000 manat müqabilində qeyri-qanuni yollarla göndərdiyini bildirib. Hazırda S.Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib. Saxlanılan şəxslə bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.