REGİONLAR
Ağstafa rayonu ərazisində 4 yeni avtomobil körpüsü inşa edilib VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində həyata keçirilən 4 körpünün tikintisi yekunlaşdırılıb.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədilə Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.
Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.
Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci kilometrində Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 metr, 29.5-ci kilometrdə, Acıdərəçay üzərində tikilən körpünün uzunluğu isə 64 metrdir.
Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 metr təşkil edir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metrdir.
Layihəyə uyğun olaraq, körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edir.
Layihə üzrə yanaşma yollarının xətlənməsi və müvafiq yol nişanı və göstəricilərinin quraşdırılması da daxil olmaqla, bütün tikinti-quraşdırma işləri texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.
Qeyd olunub ki, bundan öncəki körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 1897-ci ildə inşa edilib.