CƏMİYYƏT
Ağstafa rayonu ərazisində 7 ədəd müxtəlif çaplı top mərmisi aşkar olunub
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da saat 12:31-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, verilən məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif çaplı top mərmisi aşkar olunub. Aşkar olunmuş mərmilərdən 6 ədədinin üzərində partladıcı başlığı olmadığına görə, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 1 ədəd top mərmisinin partladıcı başlığı üzərində olduğuna görə daşınması mümkün olmayıb və növbəti iş günü yerində zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.
Top mərmilərinin ətrafında 400 kvadratmetr əraziyə yerüstü, 45 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.