CƏMİYYƏT
Ağstafa rayonunda təlim məqsədli aviabombalar aşkarlanıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 11-də saat 11:34-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, saat 12:08-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Ceyrançöl qış otlaq sahəsində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə otlaq sahəsinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli (içərisində heç bir partlayıcı maddə olmayan) PŞ-50 aviabombası aşkarlanıb və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aviabombaların tapıldığı yerin ətrafında 510 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1-dən fevralın 11-dək ANAMA tərəfindən 35 siqnal (əməliyyat çağırışı) əsasında 27 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Abşeron, Ağstafa, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində ümumilikdə 89 ədəd partlamamış hərbi sursat (PHS) və tank əleyhinə 2 mina zərərsizləşdirilib, 34 min kvadratmetrdən çox ərazi yoxlanılıb.