CƏMİYYƏT
Ağstafa rayonunda top mərmisinin gilizi aşkarlanıb
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Poylu qəsəbəsində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd top mərmisinin gilizi (tərkibində heç bir partlayıcı maddə olmayan) aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Gilizin tapıldığı yerin ətrafına baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.