CƏMİYYƏT


Ağstafa rayonunun Böyük Kəsik kəndində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də saat 08:00 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında satıcı işləyən Sadıxlı kənd sakinləri Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və cəsədlərə baxış keçirilib. Oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldəetmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmaz əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elnur Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.