İQTİSADİYYAT
Ağstafa şəhərinin daha iki küçəsində yenidənqurma işləri başa çatdı
Ağstafa, 16 iyul (AZƏRTAC, Famil Quliyev). Ağstafa şəhərinin mərkəzi prospekt və küçələrində ilin əvvəlindən başlanmış tikinti, quruculuq və abadlıq işləri sürətlə davam etdirilir.
Artıq şəhərin Nəriman Nərimanov və Səmədağa Ağamalıoğlu küçələrində aparılan abadlıq və yenidənqurma işləri başa çatıb. Hər iki küçə boyu bordürlər yenilənib, səkilərə dekorativ tipli daş düzülüb və müasir işıqlandırma sistemi quraşdırılıb.
Ümumilikdə bu küçələrdə 3850 kvadratmetr bordür, 4300 kvadratmetr dekorativ səki daşı qoyulub və 56 ədəd müasir işıqlandırma sistemi quraşdırılıb, küçələrə 13400 kvadratmetr yeni asfalt örtüyü salınıb. Rabitə və elektrik naqili xətləri yeraltı kabellə əvəz edilib və qaz xətləri daha təhlükəsiz yerə çəkilib.
AZƏRTAC xəbər verir ki, iyulun 16-da hər iki küçədə abadlıq və yenidənqurma işlərinin başa çatması münasibətilə tədbir keçirildi.
Mərasimdə Ağstafa şəhərində aparılan abadlıq və tikinti quruculuq işləri barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, şəhərin daha 3 küçəsində yenidənqurma və abadlıq işləri aparılır.
Şəhər sakinləri regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.