REGİONLAR
Ağstafa taxıl və un məmulatları kombinatında tikinti işləri davam edir
Ağstafa, 5 oktyabr, Famil Quliyev, AZƏRTAC
Ağstafa taxıl və un kombinatının tikinti işləri davam edir.
AZƏRTAC xəbər verir ki, kombinata daxil olan taxıl toxumu emalı müəssisəsinin tikintisi artıq başa çatıb, çörək və yarımfabrikatlar istehsalı müəssisəsində, eləcə də digər obyektlərdə tikinti-quraşdırma işləri layihəyə uyğun olaraq aparılır. Yaxın günlərdə dəyirman binasının da tikinti işlərinə başlanılacaq.
Kombinatın tikintisində 350 nəfər fəhlə və mütəxəssis çalışır. Tikinti üçün 3,5 hektar torpaq sahəsi ayrılıb və layihənin smeta dəyəri 31,1 milyon manat təşkil edir. Müəssisə işə salındıqdan sonra burada 210 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ağstafa taxıl və un məmulatları kombinatının layihəsinə 6000 hektar torpaq sahəsində müasir taxılçılıq təsərrüfatının, 30 min ton tutuma malik taxıl anbarının, toxum emalı müəssisəsinin, un, çörək və qənnadı istehsalı zavodlarının, “Fast food” iaşə obyektinin yaradılması daxildir.
Layihə çərçivəsində mədəniyyət mərkəzi, 300 oturacaq yerlik konfrans zalı və 140 yerlik yeraltı avtomobil dayanacağı da inşa olunacaq.