CƏMİYYƏT


Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağstafa rayonunda inşa etdirilmiş 16 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsaslarından biri də həssas əhali qruplarına xüsusi qayğının ilbəil artırılmasıdır. Sosial müdafiə proqramlarından biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatıdır və həmin proqram ildən-ilə genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən bu il şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev veriləcək. Bu gün Ağstafa rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 584 mənzil və fərdi ev (o cümlədən 554 mənzil və 30 fərdi ev) verilib. Qalan mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8172 mənzil və fərdi ev təqdim edilib. Həmçinin nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər indiyədək 6900 minik avtomobili ilə təmin olunub.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.