REGİONLAR


Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulub VİDEO

Bakı, 2 iyul, AZƏRTAC 

Ağstafa rayonunda Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolu əsaslı şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tikinti layihəsinə uyğun olaraq yolun əsasında dağılmış hissələr müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək yayılıb və kipləşdirilib. Mövcud çınqıl örtüklü yol avtoqreyderlə kipləşdirilib və yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Bundan başqa, çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülüb.

Yol əsası hazır olan hissələrə isə layların əlaqələndirilməsi üçün bitum səpilib və örtüyün alt qatı iri dənəli, üst qatı isə xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.

Yolun altından suların ötürülməsini təmin etmək məqsədilə 8 ədəd mövcud dəmir suötürücü boru qazılaraq çıxarılıb, əvəzinə yeni dəmir-beton borular quraşdırılıb və başlıqlarının tikintisi aparılıb.

Mövcud tikinti norma və qaydalarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yola 50 ədəd yol nişanı və 420 ədəd siqnal dirəkləri quraşdırılıb, 30 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri çəkilib.

Qeyd olunub ki, 4 mindən artıq əhalinin yaşadığı Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarının yenidən qurulması işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.