CƏMİYYƏT


Ağstafada “Ceyrançöl” sərhəd zastavasının xidməti ərazisində doqquz aviabomba aşkarlanıb

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da saat 11:50-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun “Ceyrançöl” sərhəd zastavasının xidməti ərazisində doqquz mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin “Ceyrançöl” sərhəd zastavasının əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Qurumun mütəxəssisləri və “Ceyrançöl” sərhəd zastavasının əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 9 aviabomba (FAB-50) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombaların tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən iyulun 9-dək ANAMA tərəfindən ümumilikdə 3568 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə dörd mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 103 min 285 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.