REGİONLAR


Ağstafada KOB dostu fəaliyyətə başlayıb VİDEO

Ağstafa, 7 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması üçün görüşlərini davam etdirir. Növbəti belə görüş Ağstafa və ətraf bölgələrdən olan sahibkarlar, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində KOBİA-nın Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin (KOB) dostu rayonun iş adamlarına təqdim olunub. Bu, Qazax–Tovuz iqtisadi rayonu üzrə sayca 2-ci KOB dostudur. Hazırda KOB dostları ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstərir.

Görüşdə KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib. O, KOB dostlarının effektiv dəstək mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb.

“Ağstafa rayonunda, ümumiyyətlə 540-dan çox sahibkarlıq subyekti fəaliyyət göstərir. Onların da 480-dən çoxu məhz KOB subyektləridir. Burada gördük ki, sahibkarların əsas problemi torpaq təyinatı və torpağın qeydiyyatı ilə bağlıdır. Həmçinin maliyyə alətlərinə çatışmazlıqla əlaqəlidir. Əlbəttə ki, KOBİA olaraq biz sahibkarlarla görüşlərimizi keçiririk. Onlara dövlətin müxtəlif dəstəyindən, maliyyə alətlərindən xəbər veririk. Burada KOB şəbəkəsi ona görə açılıb ki, sahibkarlarla yerində daimi əlaqə yaradılsın. Onlar da bu dəstəyi hiss etsinlər. Bizim KOBİA olaraq əsas məqsədimiz və vəzifəmiz sahibkarların maraqlarını qorumaqdır”, - deyə KOBİA-nın İdarə heyətinin sədri bildirib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun iqtisadi potensialının geniş olduğunu və rayonda sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb, KOB dostunun sahibkarlara dəstək olacağına əminliyini vurğulayıb.

Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunublar. Görüş çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.