REGİONLAR
Ağstafada Novruz tonqalı qalanıb
Ağstafa, 20 mart, Famil Quliyev, AZƏRTAC
Novruz bayramı münasibətilə Ağstafa şəhər Musiqi Mərkəzində ümumrayon tədbiri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Musiqi Mərkəzinin qarşısındakı meydanda yerli sənətkarların və uşaqların əl işlərindən ibarət sərgilərə, Novruzun rəmzləri olan Kosa və Keçəlin, Bahar qızın iştirakı ilə kompozisiyalara, milli folklor nümunələrinə tamşa edib, yerli aşıqların ifasını, uşaqların təqdimatında şer və mahnılar dinləyiblər. Gənc qol güləşçilərinin, kiçik karateçilərin və pəhləvanların nümunəvi çıxışları da tədbir iştirakçılarına xoş təsir bağışlayıb.
Sonra Xalq Artisti Tariyel Qasımov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, ağsaqqallar Əli Hüseynov və Fərhad Əliyev meydanın mərkəzində bayram tonqalını alovlandırıblar.
Bayram tədbiri Musiqi Mərkəzinin böyük akt zalında davam etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ağstafalıları təbrik edərək Novruz bayramının tarixindən və əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar tarixən xalqımız tərəfindən geniş qeyd edilir. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən el bayramıdır. Novruz bayramı hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Bu, həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Hər il Novruz bayramının dövlət səviyyəsində geniş qeyd olunması Azərbaycan dövlətinin xalqımızın tarixinə və mədəniyyətinə, adət-ənənələrinə yüksək diqqət və qayğısının göstəricisidir.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin ifasında maraqlı konsert proqramı ilə davam edib.