REGİONLAR
Ağstafada “Qış yarmarkası” keçiriləcək
Ağstafa, 19 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 24-dən 31-dək Ağstafada “Qış yarmarkası” keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin dəstəyi və Ağstafa Aqrar Sənaye Kompleksinin təşkilatçılığı ilə keçiriləcək yarmarkaya dekabrın 24-də konsert proqramı ilə start veriləcək.
Səhnədə tanınmış incəsənət nümayəndələri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Damla, Namiq Qaraçuxurlu, Sevil-Sevinc bacıları, Maestro Ceyhun, AASK rəqs qrupu, “Şeron” qrupu, Zakir Əliyev və Samir Cəfərov çıxış edəcəklər.
Bununla yanaşı, bir həftə ərzində axşam saat 17-dən 22-dək uşaq və yeniyetmələrin asudə vaxtlarını daha mənalı keçirmələri üçün Yeni il proqramları və “fast-food” xidmətləri göstəriləcək. Yarmarkada, həmçinin şəhid ailələrinin övladları, kimsəsiz uşaqlar və imkansız ailələrin övladlarının da iştirakı təmin olunacaq. Şaxta baba və Qar qız uşaqlarla rəqs edəcək, əyləncəli oyunlar keçirəcək. Həmin günlərdə fəaliyyət göstərən 20 ədəd köşkdə uşaqlar üçün oyuncaqlar, suvenirlər, qidalar və şirniyyatlar təklif olunacaq.
“Qış yarmarkası” günlərində incəsənət nümayəndələrinin, o cümlədən regionun ənənəvi saz ustalarının ifaları, milli rəqs qruplarının çıxışları bayram coşqusunu daha da artıracaq. Yarmarkada ağstafalılarla yanaşı, paytaxt və digər bölgə sakinlərinin, həmçinin turistlərin də iştirakı gözlənilir.