RƏSMİ XRONİKA


Ağstafada açıq səma altında Tarixi və Müasir Abidələr Parkı salınmışdır VİDEO

Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olmuşdur. 

Məlumat verildi ki, Tarixi və Müasir Abidələr Parkında bu gün öz inkişaf dövrünü yaşayan Azərbaycanın coğrafi mövqeyi, tarixi abidələri sərgilənir. Məqsəd mədəniyyətimizi və tarixi abidələrimizi təbliğ etməklə yanaşı, Ağstafa şəhərinin simasına yeni memarlıq elementlərini daxil etməkdir.

Bildirildi ki, parkın tikintisinə 2012-ci ilin noyabrında başlanılmışdır. Ağstafa şəhərinin mərkəzində yerləşən parkın ərazisi 2,5 hektardır. Bu miniatür parkı Azərbaycanı əhatə edən dağ silsilələrini, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində əks etdirir. Azərbaycanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikililər, abidələr, saray və qala divarları, müqəddəs ziyarətgahlara aid türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələri yüksək peşəkarlıqla yaradılmışdır. Böyük və Kiçik Qafqaz sıra dağları, Bakının, Naxçıvanın, Qarabağın və digər bölgələrin qədim və müasir tikililərinin kiçik maketləri xüsusi məharətlə hazırlanmışdır. Burada, həmçinin Kür və Araz çayları, Göygöl və Batabat gölləri, əsas avtomobil və dəmir yolları, yol qovşağı və körpüləri də əksini tapmışdır. Müasir dövrdə Azərbaycanda inşa olunan və memarlıq üslubu ilə seçilən arxitektura nümunələrinin də parkın ərazisində təsvirləri yer almışdır. Parkın ətrafında uzunluğu 160 metr, eni 10 metr olmaqla Xəzər dənizinin təsviri yaradılmışdır. Ərazidə piyada keçidlərinə qranit döşənmiş, 5 min kvadratmetr yaşıllıq sahəsi salınmış, müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır. Gecələr hər bir eksponatın ayrıca işıqlandırılması təmin edilmişdir. Məlumat lövhəsində hər bir eksponat haqqında Azərbaycan və ingilis dillərində informasiyalar yazılmışdır.

Prezident İlham Əliyev parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin