CƏMİYYƏT
Ağstafada çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı, 8 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağstafa şəhəri, M. Ə. Rəsulzadə küçəsində fiziki şəxs Mahmudov Mirsənan Mirzakir oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkar edilib. Belə ki, istehsal zamanı texnoloji ardıcıllığın gözlənilmədiyi, avadanlıqların vaxtlı-vaxtında təmizlənərək dezinfeksiya edilmədiyi, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.