CƏMİYYƏT
Ağstafada hərbi sursat aşkarlanıb
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də saat 16:42-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 millimetrlik 9M22U raketinin boş motor hissəsi aşkar olunub. Sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş obyektin ətrafında 200 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.