REGİONLAR
Ağstafada iki gündə 266 nəfər səyyar “ASAN xidmət”dən yararlanıb
Ağstafa, 12 iyul, Famil Quliyev, AZƏRTAC
Xəbər verdiyimiz kimi, səyyar “ASAN xidmət” iyulun 10-dan Ağstafa şəhərində vətəndaşlara xidmət göstərməyə başlayıb.
Səyyar “ASAN xidmət”in qrup rəhbəri Fəda Abbasov AZƏRTAC-a müsahibəsində bildirib ki, 2 gündə 266 sakinə xidmət göstərilib. Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Eyni zamanda, səyyar “ASAN xidmət” tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar və texniki pasportlar da verilir.
Qeyd edək ki, Ağstafa rayonu ilə yanaşı, qonşu rayonların sakinləri də bu xidmətlərdən yararlanırlar. Səyyar “ASAN xidmət” Ağstafa rayonunda iyulun 29-dək xidmət göstərəcək.