REGİONLAR
Ağstafada su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyuları qazılır
Ağstafa, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC
Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı icra olunur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində - Aşağı Göycəli, Göycəli, Dağ Kəsəmən, Qarahəsənli, Xılxına, Kolxəlfəli, Muğanlı, Pirili, Tatlı kəndlərində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərinə başlanılıb.
Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən qazılması nəzərdə tutulan subartezian quyularından bir ədədinin Dağ Kəsəmən kəndində qazılmasına start verilib.