REGİONLAR


Ağstafada yaradılan aqroparkda Almaniya və İsveçrə texnologiyalarından istifadə olunub

Ağstafa, 7 fevral, Rauf Hacıyev, AZƏRTAC

“Ağstafa Aqropark”da Almaniya və İsveçrə texnologiyalarından istifadə olunub.

Aqroparkın müşahidə şurasının sədri Rəsul Orucov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq ərazidə Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşası yekunlaşıb. Hazırda görülən işlər mütəxəssislərin iştirakı ilə bir daha nəzərdən keçirilir. Region üçün böyük əhəmiyyət daşıyacaq bu kombinat saatda istehsal gücü müvafiq olaraq 25 və 5 ton olan dənli və paxlalı bitkilər toxumu zavodlarından, saatda 200 ton emal gücü olan taxıl təmizləmə, çeşidləmə və qurutma sahəsindən, sutkada 120 ton istehsal gücü olan taxıl dəyirmanı və qaba yem zavodundan, yarımfabrikat çörək və hazır çörək zavodundan ibarətdir. Burada, həmçinin mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iaşə obyektləri, eləcə də 140 yerlik yeraltı avtomobil dayanacağı inşa edilib.

“Ağstafa Aqropark”da inşa olunan taxıl dəyirmanının emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradır. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları hazırlanacaq, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Dəyirmanın üstünlüyü ondadır ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Taxılın nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək. Bu da həm unun keyfiyyətli olmasına, həm də vaxt və məhsul itkisinin qarşısını almağa imkan verəcək. Kəpək və digər qırıntılardan isə heyvandarlıq üçün yem hazırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.