REGİONLAR
Ağstafada yazın əvvəlində keçən soyuq hava şəraitinin meyvəçiliyə təsiri FOTO VİDEO









Ağstafa, 18 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Qərb bölgəsinin aran hissəsində meyvə ağacları demək olar ki, çiçəkləyib. Yazın əvvəllərində yağan qar və şaxtalı günlər çiçəkləyən ağacların bəzilərinə təsir göstərib.
AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunun Qarahəsənli kənd sakini Azər Orucov uzun illərdir meyvəçiliklə məşğuldur. Onun sözlərinə görə, bağında əsasən ərik ağaclarıdır. Fevral ayında havalar isti keçdiyindən bağlarındakı ağaclar oyanıb və iqlim şəraitinin qeyri-sabit keçməsi nəticəsində bağındakı meyvə ağaclarının çiçəyini şaxta vurub.
“Ərik bağım var. Bağımdakı ağacın 80 faizini şaxta vurub. Keçən il də eyni vəziyyətlə qarşılaşdım. Ərik bağımın məhsuldarlığı aşağı olacaq”, - deyə Azər Orucov bildirib.
Erkən çiçəkləyən meyvə növlərindən bəziləri isə yağıntıdan sonra çiçəkləməyə başlayıb. Bu isə nisbətən fermerlərə ümid verir ki, ziyandan ötüşə biliblər. Lakin qarlı günlər arxada qalsa da qarşıdan dolu, leysan kimi təbiət hadisələri gəlir ki, bu da meyvəçiliyə ciddi ziyan vurur.
“Şaxtalı soyuq günlərdən gördüyü tədbir nəticəsində ziyansız ötüşən bağ sahibləri də var. Mənim ərik bağımda ağaclar şaxtalı günlər başa çatdıqdan sonra çiçəklədi. Ümid edirəm bu, bağımda məhsuldarlığa təsir etməyəcək. Amma elə bağlar var ki, orada şaxta çiçəkləri vurub. Bizim bağda şükür vəziyyət normaldır. Ağacların dibini şaxtalı günlərdən əvvəl bellədim, aqrotexniki qulluq göstərməyimin nəticəsi olaraq ağac gec oyandı və yağıntılı, soyuq günlərdə ərik ağacları oyanmadı. Elə buna görə də bağıma ziyan dəymədi”, – deyə Süleyman Babayev bildirib.
Meyvəçiliklə məşğul olan fermerlərin, kənd sakinlərinin belə təbiət hadisələrindən qorunmaq üçün müəyyən qədər öz üsulları olsa da aqrar sığortadan yararlanmaq kimi imkanları da var.
Aqrar Sığorta Fondundan isə bildirilib ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq olunan güzəştli aqrar sığorta mexanizmi çərçivəsində demək olar ki, bütün meyvə bağları sığortalanır. Ötən ilin dekabrından Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin siyahısı 14-dən 41-ə qaldırılıb. Risklərin siyahısı da artırılıb. Bura şaxta vurma, donvurma, qar ağırlığının yaratdığı zərərlər, leysan və başqaları əlavə olunub. Əsas şərtlərdən bir meyvə bağlarının elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatda olmasıdır.
Bundan başqa daha dəqiq rəqəmi Aqrar Sığorta Fondunun internet səhifəsində bitkiçilik kalkulyatoru ilə hesablaya bilərlər. Beləliklə kənd təsərrüfatı ilə məşğul olan istər bağçılıq istərsə də əkinçilik olsun, aqrar sığorta olunduqdan sonra fermerlər təbiət hadisəsini özlərinə dərd etməyəcəklər.