REGİONLAR
Ağstafalı fermer: Taxıl sahələrində məhsuldarlığın 40-50 sentnerə çatacağına əminəm
Ağstafa, 30 iyun, Famil Quliyev, AZƏRTAC
Bu il Ağstafa rayonunda 12 min 82 hektar sahədə taxıl əkilib. Bunun da 10 min 530 hektarı buğda, 1552 hektarı isə arpadır. Ötən il rayon üzrə hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil edib. Bir neçə gündür ki, taxıl biçininə başlayan fermerlər bu il də bol məhsul olduğunu bildirirlər.
Fermer Adil Nəsibov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “220 hektar sahədə bol taxıl məhsulu yetişdirmişəm. Artıq 20 hektar arpa sahəsində biçin yekunlaşıb. Hər hektardan orta məhsuldarlıq 25-30 sentner təşkil edib. Məhsuldarlığın artaraq 40-50 sentnerə çatacağına əminəm. Texnikaları lizinqə götürmüşəm. 4 kombayn, 6 traktor və digər texnikalar var. Dövlətimizin başçısına minnətdaram ki, biz sahibkarların qayğısına qalır. Gələcəkdə taxıl əkilən sahələri 300 hektara çatdırmaq istəyirəm.”
Qeyd edək ki, iş adamlarına yaradılan münbit şəraitdən istifadə edən sahibkarlar ilbəil əkin sahələrini artırırlar. Dövlət tərəfindən verilən subsidiya, motor yağlarına tətbiq edilən güzəştlər, gübrələrin güzəştlə verilməsi fermerləri daha çox həvəsləndirir.
Sahibkar Adil Nəsibov həm də toxumçuluqla məşğul olur. Hazırda sahibkar 100 hektar sahədə toxumluq buğda yetişdirir və həm məhsuldarlıqdan, həm də məhsulun keyfiyyətindən razıdır.