REGİONLAR
Ağstafanın Qarayazı qəsəbəsinə təbii qaz verilib
Ağstafa, 2 noyabr, Famil Quliyev, AZƏRTAC
Noyabrın 2-də Ağstafanın Qarayazı qəsəbəsinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq, təbii qazın verilməsi münasibətilə qəsəbə sakinlərini təbrik edib.
Tədbirdə respublikamızın sürətli sosial-iqtisadi inkişafı, həyata keçirilən infrastruktur layihələri, o cümlədən rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri uğurla davam etdirilir. Hazırda rayonun yaşayış məntəqələrinin təbii qazla təminatı 87 faizə çatdırılıb.
Şəmkir regional Qaz İstismarı İdarəsinin müdiri Oqtay Qarayev çıxış edərək bildirib ki, bu günə qədər Ağstafa rayonunun 34 yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa edilib. Qarayazı qəsəbəsində 125 evə yeni sayğac və fərdi tənzimləyici quraşdırılıb, daşıyıcı və məhəllədaxili paylayıcı qaz xətləri çəkilib. Yaxın günlərdə daha 4 yaşayış məntəqəsinin qazlaşdırılması yekunlaşacaq.
Qəsəbə sakinləri məişət problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.