REGİONLAR
Ağsu dolaylarında avtomobillərin hərəkəti bərpa olunub VİDEO
Ağsu, 26 yanvar, AZƏRTAC
Ağsu rayonuna güclü qar yağıb. Dağətəyi və düzən ərazilərdə qarın qalınlığı 10-15 santimetrə, dağlarda isə 20-25 santimetrə çatıb.
AZƏRTAC xəbər verir ki, yağan qar rayonun şimal-qərb ərazisindəki 8 yaşayış məntəqəsində elektrik enerjisində fasilələrə səbəb olub. Ən çox çətinlik isə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolayları adlanan 144-156-cı kilometrində yaranıb.
Yanvarın 26-da səhər saatlarında etibarən qarın fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlərə başlanıb. Dolaylarda yolların qardan təmizlənməsinə Ağsu 6 saylı yol istismar idarəsinin 20 nəfər işçisi və texnikası cəlb edilib. İlkin olaraq sərt döngələr və sürüşmə zonaları təmizlənib, yolun həmin hissələrinə duz və qum səpilib. Hazırda bu ərazidə avtomobillərin hərəkətindəki çətinliklər tamamilə aradan qaldırılıb.
Bununla belə, zərurət yaranmasa, gediş-gəliş üçün Ağsu dolaylarından istifadə olunması məsləhət görülmür. Yola çıxarkən avtomobillərin sazlığına ciddi diqqət yetirmək, qış rejimi üçün nəzərdə tutulan şinlərdən və şinlər üçün zəncirlərdən istifadə etmək tövsiyə olunur.