REGİONLAR
Ağsu fermeri: pambıq əkini sahəsini üç dəfə artırmışıq
Ağsu, 26 iyun, AZƏRTAC
Pambıqçılığa dövlət qayğısı Ağsu rayonunda sahibkarların bu sahəyə marağını ildən-ilə artırır. Təsadüfi deyil ki, ötən il 20 hektarda pambıq əkmiş Qaraqoyunlu kənd sakini, fermer Sirac Məmmədov bu il əkin sahəsini 60 hektara çatdırıb.
“Pambıqçılıq universal texniki bitki olmaqla gəlirli sahədir. Ötən mövsümdə hər hektardan 20 sentner məhsul götürdük. Bu il isə sahəni üç dəfə artırdıq”, - deyə fermer AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib. Hazırda əsas diqqətin məhsuldarlığın artırılmasına yönəldildiyini söyləyən S.Məmmədov deyib: “Təsərrüfatmızda 12 nəfər çalışır. İkinci becərmə işləri başa çatmaq üzrədir. Sahələr alaqdan tam təmizlənib, torpaq yumşaldılıb. Hazırda torpaqdakı nəmliyi qorumaq, yumşaq saxlamaq üçün cərgəaralarına kultivasiya çəkilir. Habelə mənənəyə qarşı kimyəvi mübarizə tədbirləri aparılır”.
Qeyd edək ki, pambıq sahələrinin hazırkı vəziyyəti gələcək bol məhsuldan xəbər verir. Elə buna görə də fermer inamla “Bu il tarlalardan 23 sentnerədək məhsul gözləyirik”, - deyə söylədi.