REGİONLAR
Ağsu məktəblisi: Quba, Qusar və Xaçmaz rayonlarında olmaq çoxdankı arzum idi
Quba, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC
Tur-aksiyaya Ağsudan qoşulmuşam. Kollektiv şəkildə ekskursiyada iştirak etdiyim üçün çox xoşbəxtəm. Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərinə malik Quba, Qusar və Xaçmaz rayonlarında olmaq çoxdankı arzum idi. Dağlar qoynunda yerləşən bu rayonlar ölkəmizin turizm imkanlarına görə seçilən yerləridir. Hər il buraya xarici ölkələrdən minlərlə turist gəlir. Tur-aksiya zamanı biz də maraqlı səyahətdən zövq alırıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Radim Həsənov söyləyib.
Ağsu rayon Polad Mirzəyev adına 5 nömrəli tam orta məktəbin X sinif şagirdi ekskursiya zamanı tariximizi öyrənməklə yanaşı, xeyli yeni dost qazandığını bildirib.
“Tur-aksiya günləri bir-birindən maraqlıdır. Qubada Qırmızı qəsəbə, Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü və başqa yerlərdə olduq. Qədim şəhərin küçələrində gəzdik. Xalça toxunması prosesini izlədik. Çox şadam ki, qədim ənənələrimiz bu gün də qorunub saxlanılır. Biz də bunları öyrənib gələcək nəsillərə çatdırmalıyıq”, - deyə Radim Həsənov qeyd edib.