REGİONLAR
Ağsu rayonunun 19 yaşayış məntəqəsində əhalinin kütləvi tibbi müayinəsi başa çatıb
Ağsu, 17 aprel, AZƏRTAC
Əhalinin pulsuz kütləvi tibbi müayinədən keçirilməsi ilə əlaqədar fevralın 12-dən başlanan və mayın 12-dək davam edəcək kampaniya Ağsu rayonunda da uğurla aparılır və artıq 19 yaşayış məntəqəsində bu humanist aksiya başa çatıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu humanist aksiyadan rayon üzrə 57 min nəfərdən çox sakin faydalanacaq. İndiyədək 34 min 746 nəfər tibbi müayinədən keçib. Onlardan 5720 nəfər ambulator, 192 nəfər stasionar müalicəyə cəlb olunub, 14 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 135 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Qeyd edək ki, əhalinin dispanserizasiyası rayon mərkəzi xəstəxanasında və Kalva kənd xəstəxanasında, habelə 10 həkim məntəqəsində aparılır. Təşkil edilən 4 səyyar həkim briqadası yerlərdə olur, xəstəxanalara və həkim məntəqələrinə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.