REGİONLAR
Ağsu rayonunun dörd kəndinə təbii qaz verildi VİDEO
Ağsu, 12 fevral, Adil Ağayev, AZƏRTAC
Ağsu rayonunun ümumilikdə 195 abonenti olan dörd yaşayış məntəqəsinə - Nəmirli, Kalağaylı, Bənəcik və Gursulu kəndlərinə təbii qaz verilib. Beləliklə də rayonda “mavi yanacaq”dan istifadə edən kəndlərin sayı 37-yə çatıb. Bütün evlərdə Smart qaz sayğacları quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, təbii qazın verilməsi ilə əlaqədar Nəmirli kəndində sakinlərin iştirakı ilə təntənəli mərasim keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Azəriqaz” İstehsalat Birliyinin məsul işçisi İbrahim Kəlbalayev, Ağsu Regional Qaz İdarəsinin rəisi Elşən Rəhimov çıxış edərək hər bir regionun sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Natiqlər ölkəmizin dinamik inkişaf etdiyini, insanların həyat səviyyəsinin yüksəldiyini vurğulayıb, Ağsu rayonunda da sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs ediblər. Məlumat verilib ki, artıq rayonun Maşadqanlı və Qarabağlı kəndlərində qaz xətlərinin çəkilişi başa çatdırıb. Yaxın vaxtlarda bu kəndlərə təbii qaz veriləcək. Hazırda Gəgəli və Kəndoba kəndlərində də qaz çəkilişi davam etdirilir.
Çıxış edən kənd sakinləri, ziyalılar və ağsaqqallar, o cümlədən Alı Əliyev, Əlirza Hüseynov və başqaları onlara bəxş edilən bu böyük sevincə, insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.