REGİONLAR
Ağsu sakini Həcər Zamanova: Sağ olsun Prezidentimiz, mənim kimi imkansızlara arxa-dayaq olur
Ağsu, 9 mart, Ceyhun Rüstəmov, AZƏRTAC
Fevralın 5-6-da baş vermiş zəlzələnin Şamaxı, İsmayıllı və Ağsu rayonlarında törətdiyi fəsadlar dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılır. Prezident İlham Əliyevin martın 6-da Ağsuya səfəri, görülən işlərlə yerində tanış olması, müvafiq tapşırıqlar verməsi bu işlərin qısa vaxtda başa çatacağını deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, zəlzələdən zərərçəkmiş evlərdən biri də Həcər Zamanovaya məxsusdur. Təbii fəlakət nəticəsində tam yararsız vəziyyətə düşən bu ev Firdovsi küçəsində yerləşir. Hazırda burada yeni evin tikintisi sürətlə aparılır. Dövlətimizin başçısı Ağsuya səfəri çərçivəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə tikinti işləri ilə də tanış olub. Həcər nənə AZƏRTAC-a dövlətimizin başçısı ilə görüşündən danışaraq bildirib ki, ilk günlərdə hər yerdən ümidini kəsmişdi: “Yaşlı qadınam, bu evi öz gücümə tikə bilməzdim. Müraciətimə belə operativ reaksiya veriləcəyini də gözləmirdim. Dövlətimiz, Prezidentimiz bizə öz köməyini əsirgəmədi. Qısa vaxtda komissiya gəldi, ölçdü-biçdi və yeni evin tikilməsinə qərar verildi. Sağ olsun Prezidentimiz, mənim kimi imkansızlara arxa-dayaq olur. Allah ona bu ölkəni, dövləti qurub yaratmaqda kömək olsun. Yeni evim əvvəlkindən də geniş, 3 otaqdan ibarət olacaq. Normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq. Bundan böyük sevinc olar?”.
Qeyd edək ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Ağsuda 1461 evə baxış keçirilib. Müəyyən olunub ki, 150 ev kəskin qəzalıdır. 265 evin bərpa-gücləndirməsinə, 1022 evin isə təmirə ehtiyacı var.