REGİONLAR
Ağsu taxılçıları hər hektardan ötən ildəkindən 7 sentner çox məhsul götürürlər
Ağsu, 28 iyun, AZƏRTAC
Ağsu rayonunda taxıl biçini kampaniyası davam edir və artıq zəmilərin 51,7 faizi biçilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bölgədə bu ilin məhsulu üçün 32 min 323,8 hektarda taxıl yetişdirilib. Zəmilərin 16 min 426,5 hektarı buğda, qalanı isə arpadır. Hazırda hər gün sahələrə 53 kombayn çıxarılır. Hər yerdə bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.
Qeyd edək ki, əldə olunan nəticələr fermerləri və fiziki şəxsləri qane edir. Belə ki, hər hektardan orta hesabla 31,5 sentner məhsul götürülür ki, bu göstərici ötən ildəkindən 7 sentner çoxdur. Bir sıra təsərrüfatlarda, o cümlədən 1080 hektarda taxıl yetişdirən “Süsən-Aqro” MMC-də, 3080 hektarda taxıl əkən Kəndoba, 2400 hektarda məhsul yetişdirən Gəgəli, eləcə də Növcü, Padar və sair ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir.