REGİONLAR
Ağsu və Yevlax məktəbliləri ağacəkmə aksiyasının iştirakçıları sırasında
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 27-28-də Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Ağsu və Yevlax şəhərlərində ağacəkmə aksiyası həyata keçirib.
AZƏRTAC xəbər verir ki, “Ağac əkək, təbiətə nəfəs verək!” devizi ilə keçirilən aksiyada yüzə qədər məktəbli və müəllim heyəti iştirak edib.
Tədbirin məqsədi gənc nəsli meşələrin təbiətdə rolu, onların əhəmiyyəti, iqlim dəyişmələrinin təbiətə mövcud təsirləri haqqında maarifləndirmək və oksigen mənbəyi olan meşələrə qayğı ilə yanaşmalarını təbliğ etməkdən ibarət olub.
Qeyd edək ki, “Ağac əkək, təbiətə nəfəs verək!” aksiyası Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin icra etdiyi “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində təşkil edilib.
Layihənin əsas məqsədi cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq, biomüxtəlifliyi zənginləşdirməkdir. Bu layihə, həmçinin iqlim dəyişmələrinin yarada biləcəyi təhlükələri qabaqlamağı nəzərdə tutur.
Aksiya zamanı Yevlax və Ağsu şəhərlərindəki 150 hektar layihə sahələrində 80 mindən çox yerli ağac növləri əkilib.