CƏMİYYƏT
Ağsu və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində yanvarın 11-də saat 10:00-dan 13:00-dək bir qrup vəkil tərəfindən Ağsu rayonundakı Heydər Əliyev Mərkəzində Ağsuda və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər respublikanın digər regionlarında da təşkil olunacaq.