REGİONLAR


Ağsuda 9 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur VİDEO

Bakı, 8 may, AZƏRTAC

Ağsu rayonunda 9 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 kilometrdir. Yolun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir.

Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun Ağsu-Qaradağ hissəsinin 6,2 kilometrlik ərazisi dağılmış asfalt-beton örtüklü, 8,9 kilometrlik hissəsi çınqıl örtüklü və 5,2 kilometrlik hissəsi isə torpaq yoldur. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadığından asfalt-beton örtüyü yararsız vəziyyətdədir. Asfalt-beton örtüyündə torşəkilli çatlar və aşınmalar, ümumilikdə torpaq yatağında və çınqıl örtüklü hissədə deformasiyalar əmələ gəlimişdi. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir. Sözügedən avtomobil yolunda nəqliyyat vasitələrinin intensiv hərəkətini, inzibati əhəmiyyətini və perspektiv inkişafını nəzərə alaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun əsaslı şəkildə təmir olunmasına başlanılıb.

Yenidənqurma işləri çərçivəsində yararsız asfalt-beton örtüyü mexanizmlə sökülür, torpaq yatağının yararsız hissələri ekskavatorla qazılıb çıxarılır və ərazidən daşınır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun kanal ilə paralel olan hissəsində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülür. Torpaq yatağı hazır olan hissələrdə isə əsasın alt və üst layının inşası aparılır. Ümumilikdə torpaq işləri 200 min kvadratmetrədək sahəni əhatə edib.

Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən 6,5 kilometrlik hissəsində isə karxana çınqılı ilə yeni yol yatağının, həmçinin 1 kilometr uzunluğunda yeni piyada səkilərinin inşa edilməsi, kənarlarına yeni səki daşları düzülməsi üçün hazırlıq işləri görülür.

Torpaq işlərinə paralel olaraq yolboyu uzunluğu 14,2 metr, eni isə 5,8 metr olan mövcud körpünün hərəkət hissəsi tavasının təmirinə və məhəccərlərin yenisi ilə əvəz edilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılır, həmçinin 1 nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün yeniləri inşa edilir. Bu məqsədlə 53 ədəd 460 poqonmetr uzunluğunda müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılır və izolyasiya olunur.

Bunun ardınca yol birləşmələri avtoqreyderlə profilə salınaraq təmir ediləcək, avtomobil yoluna 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bunun üçün iri və xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunacaq. Asfaltlanma işləri ümumilikdə 120 min kvadratmetrdən çox sahəni əhatə edəcək.

Bundan başqa Ağsu-Qaradağ yolunun yenidən qurulması layihəsi çərçivəsində 11 avtobus dayanacağı, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün isə yolun 6,2-ci kilometrliyində beton kanal üzərindən keçən 30 metr hissəsində 60 poqonmetr uzunluğunda ikitərəfli əyrixətli tirlər, yolboyu məlumatverici lövhələr, 83 yol nişanı və 460 siqnal dirəyi quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Sadalanan analoji işlərin Ağsu-Qaradağ yolundan ayrılan Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinə giriş yollarında da aparılması nəzərdə tutulur. Belə ki, çınqıl örtükdən ibarət yollarda qabarma və çökmələr əmələ gəlmişdi. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının eni dəyişkəndir. Buna görə də qısa müddət ərzində sözügedən kəndlərin giriş yollarında da genişmiqyaslı tədbirlərin görülməsinə başlanılacaq.

Burada da torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılacaq, əvəzinə yararlı qrunt tökülərək yeni 80 min kvadratmetr sahədə yol yatağı inşa ediləcək. Bunun ardınca layihədə nəzərdə tutulmuş materialdan istifadə olunaraq 120 min kvadratmetr sahədə yol əsası inşa ediləcək və yollara 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək, yol birləşmələri profilə salınaraq təmir ediləcək. Bundan başqa mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün boru başlıqları yenidən təmir olunacaq və əlavə olaraq 1120 poqonmetr uzunluğunda müxtəlif diametrlərə malik 140 yeni metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılaraq izolyasiya olunacaq.

Layihənin sonuncu mərhələsində 9 yaşayış məntəqəsinin giriş yollarında zəruri olan yerlərdə avtobus dayanacaqları, məlumatverici lövhələr, 47 yol nişanı, 80 siqnal dirəyi quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Rayonun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.