Ağsuda 9 yaşayış məntəqəsinin yollarının yenidən qurulması yekunlaşır VİDEO
AzerTAg.az
Bakı, 18 avqust, AZƏRTAC
Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması işləri yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 kilometrdir. Yolun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülüb. Torpaq yatağı hazır olan hissələrdə isə əsasın alt və üst layının inşası aparılıb. Ümumilikdə torpaq işləri 200 min kvadratmetrədək sahəni əhatə edib.
Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən 6,5 kilometrlik hissələrində isə karxana çınqılı ilə yeni yol yatağının, həmçinin 1 kilometr uzunluğunda yeni piyada səkilərinin inşa edilməsi, kənarlarına yeni səki daşları düzülməsi işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol birləşmələri avtoqreyderlə profilə salınaraq təmir edilib, avtomobil yoluna 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri ümumilikdə 120 min kvadratmetrdən çox sahəni əhatə edir.
Bundan başqa, Ağsu-Qaradağ yolunun yenidən qurulması layihəsi çərçivəsində 11 avtobus dayanacağı, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün isə avtomobil yolunun 6,2-ci kilometrlik hissəsində beton kanal üzərindən keçən 30 metr hissəsində 60 poqonmetr uzunluğunda ikitərəfli əyrixətli tirlər, yolboyu məlumatverici lövhələr, 83 yol nişanı və 460 siqnal dirəyi quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.
Sözügedən tikinti işləri Ağsu-Qaradağ yolundan ayrılan Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinə giriş yollarında da aparılıb. Burada da torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək yeni 80 min kvadratmetr sahədə yol yatağı inşa edilib. Layihədə nəzərdə tutulmuş materialdan istifadə olunaraq 120 min kvadratmetr sahədə yol əsası inşa edilib və yollara 2 laydan ibarət yeni asfalt-beton örtük döşənir, yol birləşmələri profilə salınaraq təmir edilir.
Sonda 9 yaşayış məntəqəsinin giriş yollarında, zəruri yerlərdə avtobus dayanacaqları, məlumatverici lövhələr, 47 yol nişanı, 80 siqnal dirəyi quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə sakinin rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq.



Xəbərin mətnində orfoqrafik səhv var