REGİONLAR
Ağsuda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi təntənəli şəkildə qeyd olunub
Ağsu, 28 dekabr, AZƏRTAC
Ağsu şəhərinin mərkəzində, Heydər Əliyev parkında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında parka gələn rayon rəhbərliyi, idarə və təşkilatların kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Açıq havada keçirilən bayram tədbirində Azərbaycanın dövlət himni səsləndirilib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzovun təbrik nitqində, eləcə də icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mirqubat Orucovun “Azərbaycan – dünya azərbaycanlılarının Vətəni” mövzusundakı məruzəsində qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları - soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gündür. Həmrəylik gününün dövlət bayramı statusunu alması, dünya azərbaycanlıları birliyinin formalaşdırılaraq bugünkü səviyyəyə çatması üçün ulu öndər Heydər Əliyevə borcluyuq.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarda milli ruhun yüksəlməsi ilə əlaqədar səmərəli və ardıcıl fəaliyyəti ilə, milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam etdirilib. Yolka ətrafında uşaq bağçalarının fidanları və məktəblilər şənlik ediblər. Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb.