REGİONLAR
Ağsuda “Sağlam qidalan sağlam ol!” layihəsi çərçivəsində seminar keçirilib
Ağsu, 17 oktyabr, AZƏRTAC
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu rayon Pirhəsənli kənd tam orta məktəbində Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində icra edilən “Sağlam qidalan sağlam ol!” adlı layihəsi ilə bağlı növbəti tematik seminar keçirilib.
Tədbirdə Ağsu rayon təhsil ictimaiyyətinin, layihə üzrə işçi qrupunun nümayəndələri, təlimçi və ekspertlər, Pirhəsənli kənd tam orta məktəbində təhsil alan 30 nəfərə yaxın şagird iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda çıxış edən layihə rəhbəri Ziba Məmmədova qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanmasıdır. Vurğulanıb ki, layihə çərçivəsində tematik seminarlar və “Mənim sağlam sinfim” adlı esse müsabiqəsi keçiriləcək.
Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən söz açaraq vurğulayıblar ki, düzgün qidalanma ilə yanaşı, insanlar sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdırlar. Seminarda mövzu üzrə rollu oyun və qruplarla iş aparılıb. Sonra videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda maarifləndirici flayerlər paylanılıb.
Tədbir çay süfrəsi ilə yekunlaşıb.