REGİONLAR
Ağsuda ağacəkmə aksiyası keçirilib
Ağsu, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü günü Ağsu rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən aksiyada rayon icra hakimiyyətinin, eləcə də digər idarə, müəssisə və təşkilatlardan olan 100-dən çox işçi iştirak edib. Əsrin faciəsi olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə təşkil olunan aksiyada Ağsu şəhərinin qərbində, Bakı-Şamaxı-Yevlax magistral yolunun cənub hissəsində 650 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb, dibi bərkidilib.
Sakinlər keçirilən aksiyada yüksək fəallıq göstəriblər. Aksiya iştirakçısı, Vətən müharibəsinin od-alovundan çıxan və indi rayon icra hakimiyyətində şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışan Bəxtiyar Məmmədov AZƏRTAC-ın bölgə müxbirə deyib: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu aksiya Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalan ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşanması, xüsusən də gənc nəsil tərəfindən undulmaması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün burada əkdiyimiz ağaclar vaxt gələcək böyüyüb qollu–budaqlı olacaq. Kölgəsində dincələnlər Xocalı soyqırımı qurbanlarının xatirəsinə salınan bu ağacların altında o dəhşətli faciəni xatırlayacaq, yad edəcəklər”.