REGİONLAR
Ağsuda arpa zəmilərində hər hektardan orta hesabla 31 sentner məhsul yığılır
Ağsu, 10 iyun, AZƏRTAC
Ağsu rayonunda taxıl biçini kampaniyası sürətlə davam edir. Hazırda dağətəyi və düzən ərazilərin məhsulu yığılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 36 min 74,5 hektarda taxıl yetişdirilib. Zəmilərin 20 min 38,5 hektarı buğda, qalanı isə arpadır. İlkin olaraq arpa biçilir. Hər gün zəmilərə 68-dək kombayn çıxarılır. İndiyədək 7800 hektarın məhsulu yığılıb.
Arpa zəmilərinin hər hektarından orta hesabla 31 sentner məhsul götürülür ki, bu da ötən ilin müvafiq dövründəkindən 2 sentner çoxdur. Bir sıra ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Ərəbmehdibəy, Çaparlı, Gəgəli, Bico, Kəndoba, Cəlayir və digər ərazi dairələrində məhsuldarlıq daha yüksəkdir.
Mütəxəssislər buğda zəmilərindən daha yüksək məhsuldarlıq əldə olunacağı qənaətindədirlər.