REGİONLAR
Ağsuda bruselyoz xəstəliyinə qarşı 23600 baş heyvan peyvənd olunub
Bakı, 15 avqust, AZƏRTAC
Respublikanın hər yerində olduğu kimi, Ağsuda da bruselyoza qarşı profilaktik tədbirlər davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Ağsu rayonun Hacıqədirli, Ərəbuşağı, Kalva, Nuran, Gəgəli, Sarvan və digər kəndlərində cavan iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır. İndiyə kimi rayon ərazisində bruselyoz xəstəliyinə qarşı 4500 baş iribuynuzlu, 19100 baş xırdabuynuzlu heyvan peyvəndlənib. Plana uyğun olaraq peyvəndləmə tədbirinin 6200 baş iribuynuzlu heyvanda aparılması nəzərdə tutulur.
Eyni zamanda, bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 7105 baş iribuynuzlu heyvandan, 2508 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində respublika üzrə bruselyoz xəstəliyinə qarşı 1462309 baş xırdabuynuzlu, 329461 baş iribuynuzlu heyvanda peyvəndləmə işləri aparılıb. Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513040 baş iribuynuzlu, 150652 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə olunub.