REGİONLAR
Ağsuda kombaynlar iyun ayının ikinci ongünlüyündən arpa zəmilərinə çıxarılacaq
Ağsu, 16 may, AZƏRTAC
Ağsu rayonunda mühüm kampaniya olan taxıl biçininə ciddi hazırlıq işləri görülür.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxıl biçini üçün 90-dək kombayna ehtiyac var. Artıq rayonda mövcud olan 68 kombaynın hamısı biçin kampaniyasına tam hazırdır. Bu kombaynlardan 22-si “Aqrolizinq” ASC-nin Qobustan Birliyinin Ağsu bölməsinə, 46-sı isə taxılçılıqla məşğul olan fermerlərə və fiziki şəxslərə məxsusdur. Digər kombaynlar biçinə bir qədər gec başlanan qonşu dağlıq rayonlardan gətiriləcək.
Qeyd edək ki, cari mövsümdə rayonda 34 min 295,2 hektarda taxıl yetişdirilib. Zəmilərin 15 min 374, 2 hektarı buğda, qalanı isə arpadır. İyun ayının ikinci ongünlüyündən kombaynlar arpa zəmilərinə çıxarılacaq. Taxılçılar mühüm strateji məhsulun vaxtında və itkisiz yığılması üçün qalan digər hazırlıq işlərini də başa çatdırmaq üzrədirlər. İndi hər yerdə anbarlar təmizlənir, kombaynların hərəkət yolları hamarlanır, taxıl daşıyan texnikalar səfərbər olunur.