REGİONLAR


Ağsuda qəbul imtahanlarından yüksək bal toplayan məzunlarla görüş keçirilib

Ağsu, 23 sentyabr, AZƏRTAC

Ağsuda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 500-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov yüksək bal toplayanları təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışan icra başçısı sabahımız üçün bilikli, hərtərəfli inkişaf edən gənc nəsilin yetişməsində ümumtəhsil məktəblərinin önəmli rol oynadığını bildirib. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb və görülməkdədir. Təkcə cari dərs ilində Ağsu rayonunun 3 yaşayış məntəqəsində - Musabəyli, Ərəbuşağı və Təklə kəndlərində tam orta məktəblər üçün yeni binalar istifadəyə verilib.

Rövşən Bağırov ölkəmizdə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu olduğunu vurğulayıb.

Görüşdə qeyd olunub ki, 2020/2021-ci tədris ilində Ağsu rayonunda orta ümumtəhsil məktəblərinin məzunlarından 123 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 12 nəfəri yüksək nəticə göstərib. Belə ki, 2 nəfər 600 baldan yuxarı, 10 nəfəri isə 500 baldan yuxarı nəticə əldə edib. Rayon üzrə ən yüksək nəticəni Aslan Nadirov adına şəhər 1 saylı məktəb-liseyin məzunu Səbinə Laçın qızı Kazımova qazanıb. O, 642 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunub.

Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Ən yüksək bal toplayan Səbinə Kazımova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Ölkəmizdə təhsil almaq üçün hər cür şərait var. Yaradılan bu şəraitə görə Prezidentimizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram. Tələbə olmaq üçün gərək zəhmət çəkəsən, oxuyasan. Mən yaxşı həkim olmaq istəyirəm və bu yolda var qüvvəmlə çalışacağam”.

Sonda rayon icra hakimiyyəti tərəfindən tələbələrə diplomlar təqdim olunub, hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.