REGİONLAR
Ağsuda rəsm sərgisi: “Qadın - gözəllik nuru”
Ağsu, 6 mart, AZƏRTAC
Ağsu rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə açıq hava altında “Gənc rəssamların fırçası ilə: qadın – gözəllik nuru” adlı rəsm sərgisi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin rəhbəri Nəzirə Səfərovanın və dərnək üzvlərinin əl işlərindən ibarət 60-a yaxın rəsm əsəri nümayiş olunub. Hər bir rəsmdə milli-mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən qadın obrazları çox gözəl təsvir olunub.
Dərnək rəhbəri Nəzirə Səfərova AZƏRTAC-ın bölgə müxbirinə sərgilənən rəsm əsərləri barədə danışıb: “Ülvilik, zəriflik, gözəllik rəmzi olan qadın adı ölkəmizdə hər zaman uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında, habelə milli dövlətçiliyin bərpasında və inkişafında özünəməxsus rol oynayıb. Xalqımız tarixən qadına hörmət, anaya böyük ehtiram göstərib. Bütün bu keyfiyyətləri, xüsusiyyətləri rəsmlərdə tamaşaçılara çatdırmağa çalışmışıq”. Qeyd edək ki, sərgidə “Güllər”, “Zəriflik”, “Ana”, “Ecazkar” kimi rəsm əsərləri orijinallığı ilə tamaşaçıların diqqətini cəlb edib.