REGİONLAR


Ağsuda şəhid Ramin Hüseynovun xatirəsi anılıb

Ağsu, 8 sentyabr, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ramin Hüseynovun doğum günü uyuduğu Ağsu rayon Çaparlı kənd qəbiristanlığında ehtiramla anılıb. Yaşasaydı, bu gün Ramin 28 yaşını qeyd edəcəkdi...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım mərasimində rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon Şöbəsinin işçiləri, kənd sakinləri, şəhidin yaxınları, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda şəhid Ramin Hüseynovun şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, 1993-cü il sentyabrın 8-də Çaparlı kəndində dünyaya göz açan Raminin ailəsi 2002-ci ildə Bakıya köçüb. Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 284 saylı tam orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2014-cü ildə gizirlik kursuna daxil olub. Kursu bitirdikdən sonra “N” saylı hərbi hissədə rabitə taborunun komandir müavini vəzifəsində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərindəki xidmətinə görə fəxri fərmanlarla təltif olunub. Vətən müharibəsi başlayanda Ramin də döyüşlərə qatılıb. 2020-ci il oktyabrın 8-də cəbhənin Füzuli rayonu istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Raminin ailəsinin istəyi ilə o, dünyaya göz açdığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Çıxışlarda ötən il sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb, Ramin və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, düşmənin diz çökdürüldüyü, torpaqlarımızın işğaldan azad edildiyi diqqətə çatdırılıb.

Anım mərasimində şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və çiçəklər qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.