REGİONLAR
Ağsuda taxıl biçininə 100-dən çox kombayn cəlb olunub
Ağsu, 22 iyun, AZƏRTAC
Ağsu rayonunda taxıl biçini kampaniyası müvəffəqiyyətlə davam edir.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari mövsümdə bölgədə 34 min 876 hektarda məhsul yetişdirilib. Bunun 15 min 359 hektarı buğda, qalanı isə arpadır. Hər il olduğu kimi, cari ildə də taxılçılar bu strateji məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Biçin kampaniyasına ilk günlərdən 109 kombayn çıxarılıb. Kombaynlardan 49-u digər bölgələrdən köməyə gətirilib.
İndiyədək 15 min 220 hektar zəminin məhsulu yığılıb. Hələlik hər hektardan orta məhsuldarlıq 27,3 sentner təşkil edir. Taxılçılar bu rəqəmin artacağı qənaətindədirlər. Bir sıra yerlərdə, o cümlədən “Süsən Aqro” MMC-də, Qaraqoyunlu, Kəndoba, Gəgəli və bir sıra digər ərazi vahidlərində daha yüksək məhsuldarlığa nail olunur.
Rayonun taxılçıları əlverişsiz keçən hava şəraitində biçin kampaniyasını tez və itkisiz başa çatdırmaq əzmindədirlər.