REGİONLAR


Ağsuda və İsmayıllıda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

Ağsu, İsmayıllı, 23 iyun, AZƏRTAC

Ağsuda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü təntənəli surətdə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda çalışan dövlət qulluqçuları əvvəlcə Heydər parkına gələrək Ümummilli Liderimizin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.

Rayon icra hakimiyyətinin akt zalında keçirilən təntənəli yığıncaqda çıxış edənlər bildiriblər ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyunun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Qeyd olunub ki, Ağsu rayonunda hazırda 200 nəfərə yaxın dövlət qulluqçusu var ki, onların 64 nəfəri rəhbər vəzifələrdə çalışır. Ölkəmizdə, o cümlədən rayonda gənclərin, qadınların dövlət qulluğuna irəli çəkilmələri xüsusi diqqət mərkəzindədir.

Təntənəli yığıncaqda uzun illər səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

X X X

İsmayıllı rayonunda hazırda 285 nəfər dövlət qulluqçusu çalışır. Onların çoxu gənclərdir. Onlar səmərəli, məsuliyyətli fəaliyyətləri ilə bölgənin sosial-iqtisadi inkişafında, ictimai-siyasi sahələrdə mühüm rol oynayırlar. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə İsmayıllıda keçirilən təntənəli yığıncaqda məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.

Çıxış edənlər hər bir dövlət qulluqçusunun xalqın xidmətçisi olduğunu bildirib, bu sahədə çalışanların Vətən, məslək uğrunda məsuliyyətlərini dərindən dərk etmələrinin vacibliyini vurğulayıblar.

Tədbirdə bir qrup fəal dövlət qulluqçusuna növbəti ixtisas dərəcəsi, bir qrupuna isə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.