REGİONLAR
Ağsulu fermer: Dövlət dəstəyindən yararlanaraq, pambıqçılıqla yanaşı, baramaçılığı da inkişaf etdirəcəyik
Ağsu, 7 avqust, AZƏRTAC
Ağsu rayonunda Tofiq Abdullayevə məxsus fermer təsərrüfatı əkinçilik üzrə ixtisaslaşıb. Cari mövsümdə təsərrüfatın Maşadqanlı kəndindəki ərazisində 100 hektarda pambıq yetişdirilib. Peşəkar təsərrüfatçının rəhbərliyi ilə sahələrdə artıq 4-cü kompleks becərmə tədbirləri aparılır. Hazırda bitkilər qozalama mərhələsindədir. Əkin sahələrinin hər hektarından azı 25 sentner məhsul gözlənilir.
Avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və tövsiyələri nəzərə alan T.Abdullayev vaxtilə kəndlərində ənənəvi sahə olan, uzun illərdən bəri unudulan baramaçılığı da inkişaf etdirməyi planlaşdırır. O, AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Gələn ildən baramaçılıqla da məşğul olacağıq. Bu sahəyə göstərilən dövlət dəstəyi bizə geniş imkanlar açır. İndidən ipəkqurdu bəslənəcək yeri müəyyənləşdirir və lazımi təmir işləri üçün tədbirlərə hazırlaşırıq. Yem tədarükü üçün payız aylarında tut tingləri də əkəcəyik. Baramaçılıq gəlirli sahədir. Bu sahəyə göstərilən dövlət dəstəyindən yararlanaraq, pambıqçılıqla yanaşı, baramaçılığı da inkişaf etdirəcəyik”.